Şrift ölçüsü:
Çap et
Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən Respublika fənn olimpiadalarında yüksək nəticə göstərən şagirdlərlə görüş təşkil olunub.
"Sabirabadxəbər" xəbər verir ki,tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, müdir müavini Rabil Şahbazov, Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə təhsil sektorlarının müdirləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon komitələrinin sədrləri, fənn müəllimləri, eləcə də qalib şagirdlər iştirak ediblər.
Görüş zamanı çıxış edənlər ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısından, gənclərin bilik və bacarıqlarının inkişafına yaradılan imkanlardan geniş bəhs ediblər. Bildirilib ki, Respublika fənn olimpiadaları şagirdlərin elmi dünyagörüşünün formalaşmasında, onların sağlam rəqabət mühitində inkişaf etməsində və gələcək uğurlarının təməlində mühüm rol oynayır.
Çıxışlarda olimpiada qaliblərinin əldə etdiyi nailiyyətlərin həm məktəblər, həm müəllimlər, həm də valideynlər üçün böyük qürur mənbəyi olduğu vurğulanıb. Qeyd olunub ki, bu uğurlar şagirdlərin əzmkarlığının, müəllimlərin zəhmətinin və valideyn dəstəyinin birgə nəticəsidir.
Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi tərəfindən qalib şagirdlər təbrik olunub, onların gələcək təhsil həyatında da yeni nailiyyətlər qazanacaqlarına əminlik ifadə edilib. Eyni zamanda, şagirdlərin hazırlanmasında xüsusi əməyi olan fənn müəllimlərinə və valideynlərə təşəkkür bildirilib.
Səmimi və xoş ovqatda keçən görüşün sonunda Respublika fənn olimpiadalarının qaliblərinə hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
Kopyalandı











