• 13.03.2026 » 19:15

Mil-Muğan RTİ finalçı şagirdlərlə görüş keçirib

Mil-Muğan RTİ finalçı şagirdlərlə görüş keçirib © sabirabadxeber.az
Şrift ölçüsü:

"Sabirabadxəbər" xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə görüş təşkil olunub. Görüşdə həmin şagirdlərə dərs deyən müəllimlər və məktəb direktorları da iştirak ediblər.


Tədbir Saatlı rayonu Məhəmməd Əliyev adına Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbində keçirilib. Görüşün əsas məqsədi olimpiadanın final mərhələsinə vəsiqə qazanan şagirdləri təbrik etmək, onların gələcək mərhələyə hazırlıq prosesini müzakirə etmək və müəllimlərə müvafiq tövsiyələr vermək olub.


Tədbirdə çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili son illərdə ölkəmizdə istedadlı və qabiliyyətli şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini vurğulayıb. O, bildirib ki, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların elmi düşüncə və məntiqi təfəkkürünün formalaşdırılması istiqamətində sistemli və məqsədyönlü işlər həyata keçirilir.


Bəhruz Nəbili çıxışında qeyd edib ki, respublika fənn olimpiadaları şagirdlərin potensialını üzə çıxarmaq, onların müxtəlif fənlər üzrə biliklərini daha da dərinləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. O, final mərhələsinə yüksələn şagirdləri əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara qarşıdakı mərhələdə uğurlar arzulayıb. Bildirib ki, bu kimi müsabiqə və olimpiadalar şagirdlərin özlərini sınaması, biliklərini nümayiş etdirməsi və gələcək uğurlar üçün möhkəm təməl formalaşdırması baxımından böyük imkanlar yaradır.


Görüş zamanı olimpiada suallarına düzgün yanaşma qaydaları barədə də ətraflı məlumat verilib. Şagirdlərə izah olunub ki, olimpiada tapşırıqları yalnız nəzəri bilikləri deyil, eyni zamanda analitik düşünmə, məntiqi nəticə çıxarma və yaradıcı yanaşma bacarıqlarını da tələb edir. Bu baxımdan, olimpiadalarda iştirak şagirdlərin məntiqi-təfəkkür qabiliyyətinin inkişafında xüsusi rol oynayır.


Tədbir çərçivəsində ötən il respublika fənn olimpiadalarının final mərhələsində ayrı-ayrı fənlər üzrə müəyyən edilmiş keçid balları barədə də məlumat verilib. Şagirdlərin hazırlıq prosesində bu göstəricilərin nəzərə alınmasının vacibliyi vurğulanıb.


Bəhruz Nəbili çıxışında ölkəmizdə fənn olimpiadalarının təşkili və keçirilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirildiyini də qeyd edib. Onun sözlərinə görə, bu yarışlar gələcəkdə ölkənin inkişafına töhfə verəcək intellektual gənclərin formalaşmasında mühüm rol oynayır.


Görüş zamanı fənn müəllimlərinə də müvafiq tövsiyələr verilib. Bildirilib ki, müəllimlər Təhsil İnstitutunun rəsmi internet saytında yerləşdirilən olimpiada proqramları ilə tanış olmalı, həmin proqramları şagirdlərə də təqdim etməlidirlər. Eyni zamanda, şagirdlərin daha effektiv hazırlaşması üçün əvvəlki illərin final mərhələsinə aid tapşırıqların izah olunması, onların həlli yollarının müzakirə edilməsi və bu istiqamətdə müntəzəm hazırlıq işlərinin aparılması tövsiyə edilib.


Sonda tədbirdə iştirak edən müəllim və şagirdləri maraqlandıran suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənilib. 


N.Səmədova


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva