"Sabirabadxəbər.az" məlumat verirki, Sabirabad rayonu Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbində rayonun ümumi təhsil müəssisələrinin III və IV siniflərində tədris aparan ibtidai sinif müəllimləri ilə növbəti işgüzar görüş keçirilib. Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi və təhsil işçiləri iştirak edərək, tədrisin keyfiyyətinin artırılması və şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində müzakirələr aparıblar.
Tədbirdə Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli və təlimçi-mentor Sevinc Məhərrəmova iştirak ediblər.
Görüşün keçirilməsində əsas hədəf məktəblərin III və IV siniflərində təhsil alan şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi, mətn üzrə iş strategiyalarının təkmilləşdirilməsi və məzmun xətləri üzrə alt-standartların səmərəli reallaşdırılması olub.
Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili çıxışı zamanı təhsil göstəricilərinin dinamikasına diqqət çəkərək 2024-2025-ci tədris ilində aparılmış monitorinq qiymətləndirmələrinin nəticələrini təhlil edib, 2025-2026-cı tədris ilinin birinci yarımili üzrə böyük summativ qiymətləndirmə (BSQ) nəticələri əsasında əldə olunan statistik məlumatlar açıqlanıb.
Müzakirələr zamanı müəllim fəaliyyətində müşahidə olunan müsbət tendensiyalarla yanaşı, inkişaf etdirilməsinə ehtiyac duyulan məqamlar da ətraflı təhlil olunub. Xüsusilə, cari tədris ilində IV sinif şagirdləri üçün keçiriləcək monitorinq qiymətləndirmələrinin qaydaları, məqsədi və gözlənilən nəticələr barədə müəllimlərə geniş məlumat verilib.
Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli çıxışında məktəbdaxili qiymətləndirmənin nəticələrindən düzgün istifadənin vacibliyini vurğulayıb. O, qeyd edib ki, bu nəticələr təkcə müəllimlər üçün deyil, valideynlər üçün də strateji əhəmiyyət daşıyır.
Məktəbdaxili qiymətləndirmənin nəticələri valideynlərin övladlarının bilik və bacarıq səviyyəsini dəqiq bilməsi, onların zəif tərəflərini dəstəkləməsi və güclü cəhətlərini daha da inkişaf etdirməsi üçün zəruri məlumat mənbəyidir. Biz bu nəticələri şagirdlərimizin fərdi inkişaf yolunun izlənməsi və təhsil nailiyyətlərinin artırılması üçün səmərəli şəkildə istifadə etməliyik.
Görüşdə müəllimlər öz təcrübələrini bölüşüb, yeni tədris texnologiyalarının tətbiqi və şagirdlərdə müstəqil oxu vərdişlərinin formalaşdırılması yollarını müzakirə ediblər. İbtidai təhsilin prioritet istiqaməti kimi oxuyub-anlama bacarıqlarının inkişafı xüsusi qeyd edilib.
Tədbirin yekununda tədris prosesinin daha da səmərələşdirilməsi, müasir təlim metodlarının tətbiqi və şagird nailiyyətlərinin artırılması üçün konkret tövsiyələr verilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.
- 30.01.2026 » 18:30














