"Sabirabadxəbər" xəbər verir ki, Salyan rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Nə? Harada? Nə Zaman?” intellektual oyunu üzrə rayon birinciliyi keçirilib.
17 aprel 2026-cı il tarixində Salyan rayonu Aşağı Kürkənd kənd tam orta ümumtəhsil məktəbində keçirilən tədbir Salyan Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə təhsil sektorunun, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin və Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra çıxış edənlər – Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun müdiri Elmar Əbilov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Salyan rayon komitəsinin sədri Aynur Əsgərova və Yeni Azərbaycan Partiyası Salyan Rayon Təşkilatının məsləhətçisi Vüqar Ağayev iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıblar. Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev öz mənalı və zəngin ömrünü xalqına, vətəninə və dövlətinə həsr etmiş, müasir Azərbaycanın qurucusu kimi tarixə düşmüşdür.
Daha sonra intellektual oyunun qaydaları izah olunaraq yarışa start verilib.
Yarışın nəticələrinə əsasən, Salyan şəhəri Əliağa Kürçaylı adına 7 nömrəli texniki və təbiət fənləri təmayüllü liseyin “Lider” komandası qalib olub.
Bu uğur bir daha göstərdi ki, liseyimizin şagirdləri yalnız təhsildə deyil, intellektual yarışlarda da daim ön sıralardadır.
Qalib komandamızı, lisey rəhbərliyini və müəllim heyətini ürəkdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!









