• 08.04.2026 » 20:54

Salyanda şəhid Kamil Şirinovun xatirəsi yad edilib

Salyanda şəhid Kamil Şirinovun xatirəsi yad edilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Salyanda şəhid Kamil Şirinovun doğum günündə xatirəsi yad edilib


"Sabirabadxəbər" xəbər verir ki, 7 aprel 2026-cı il tarixində Salyan rayonunun Çuxanlı kəndində 44 günlük Vətən Müharibəsi şəhidi Kamil Şirinovun anadan olmasının 35-ci ildönümü münasibətilə ailəsi ziyarət olunmuşdur. Ziyarətdə Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Heydər Quliyev, rayon Ziyalılar Cəmiyyətinin sədri Allahverdi Piriyev, ETİHİ Salyan rayon komitəsinin sədri Aynur Əsgərova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Vəfa Məmmədova, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Rəfiqə Hüseynova, eləcə də rayon təşkilatının əməkdaşları və partiya fəalları iştirak etmişlər. 

Görüş zamanı çıxış edənlər Kamil Şirinovun istər Aprel döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi şücaətdən, döyüşlərdə nümayiş etdirdiyi qəhrəmanlıq nümunələrindən ətraflı bəhs etmiş, onun Vətənə sədaqətinin və torpaqlarımızın azadlığı uğrunda canından keçməsinin hər bir Azərbaycan gənci üçün örnək olduğunu vurğulamışlar. Bildirilmişdir ki, şəhidlərimizin xatirəsi daim uca tutulur, onların qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Eyni zamanda qeyd olunmuşdur ki, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Bu cür ziyarətlər şəhid ailələrinə mənəvi dəstəyin ifadəsi olmaqla yanaşı, cəmiyyətimizdə milli birlik və həmrəylik hisslərinin daha da möhkəmlənməsinə xidmət edir.

Ziyarət zamanı şəhid ailəsinə xüsusi ehtiram göstərilmiş, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı adından üzərində Kamil Şirinovun şəkilləri əks olunan xatirə saatı təqdim edilmiş, ETİHİ Salyan rayon komitəsi tərəfindən isə hədiyyə verilmişdir.

Sonda şəhidin valideynləri göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını ifadə edərək, övladlarının xatirəsinin daim yad olunmasının onlar üçün ən böyük təsəlli olduğunu bildirmişlər.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva