26.01.2026 - cı il tarixində Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatı Şirinbəyli kənd ərazi partiya təşkilatında hesabat seçki yığıncağı keçirilib.
"Sabirabadxeber.az" xəbər verirki, hesabat-seçki yığıncağına Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov giriş sözü ilə çıxış edərək partiya üzvlərini salamlayıb və iclasın gündəliyi haqda məlumat verib. E.Əzizov qeyd edib ki, ölkəmizin tərəqqisi naminə yaşayan və bu amallar uğrunda mübarizə aparan Ulu Öndər Heydər Əliyev milli dövlətçilik ənənələrini sistemli şəkildə inkişaf etdirmiş, dövlətimizin sosial-iqtisadi və siyasi sabitliyini, həmçinin demokratik yüksəlişini təmin etmişdir. Heydər Əliyev siyasəti Azərbaycanın inkişafı, müasirləşməsi və yeniləşməsi üçün əsas dayağa çevrildi. 2003-cü ildən etibarən Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətlə davam etdirilir. Bu gün Azərbaycan yalnız regionda deyil, bütün dünyada nüfuzunu artırır, qlobal təşəbbüslər irəli sürür, sülh, təhlükəsizlik, ədalət və bərabərlik naminə töhfələrini verir.
Şirinbəyli kənd Ərazi Partiya Təşkilatının sədri Ziyaddin Məmmədov görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, Ərazi Partiya Təşkilatı hesabat dövrü ərzində öz işini Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında Əsasnamənin tələblərinə uyğun qurmuş və tərtib edilmiş Tədbirlər Planına əsasən fəaliyyət göstərmişdir. Hesabat dövrü ərzində rayon təşkilatı tərəfindən keçirilən tədbirlərdə, görüşlərdə, konfranslarda ərazi partiya təşkilatının üzvlərinin iştirakı təmin olunmuş və Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının işinə yaxından köməklik göstərilmişdir.
Ərazi partiya təşkilatının sədri Ziyaddin Məmmədov bildirdi ki, səhhəti ilə bağlı olaraq ərazi partiya təşkilatının sədri vəzifəsini tam olaraq icra edə bilmir. O, ərazi partiya təşkilatına yeni sədr və müavinin seçilməsini təklif etdi.
Hesabat-seçki yığıncağında çıxış edən Nüsrəddin Məmmədov, Həmdi Eyvazov, Nurəddin Məmmədov və başqaları bildirdilər ki, Yeni Azərbaycan Partiyası zamanın bütün sınaqlarından uğurla çıxmış, xalqımızın və Vətənimizin mənafeyi naminə fəaliyyət göstərərək böyük siyasi qələbələr qazanmışdır. Ərazi partiya təşkilatının fəaliyyəti də Partiyanın prinsiplərinə və etimadına uyğun olaraq yüksək səviyyədə təşkil olunub.
Çıxışlardan sonra digər məsələ ərazi partiya təşkilatına yeni sədrin və müavinin seçilməsi olub. Ərazi partiya təşkilatına sədr və sədr müavini səsvermə yolu ilə seçilmişdir. Şirinbəyli kənd ərazi partiya təşkilatının sədri Qənbər Nəcimov, müavin isə Çingiz Şahverdiyev seçilmişdir.
Yeni seçilmiş sədr Qənbər Nəcimov çıxış edərək göstərilən etimada görə minnətdarlığını bildirdi, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylərini əsirgəməyəcəyini xüsusi vurğuladı.
Sonda YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov seçilən sədr və sədr müavinini təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.












