2–7 mart – Ümumtəhsil məktəblərində “İdman həftəsi” çərçivəsində İdman festivalı keçirildi
"Sabirabadxəbər" xəbər verir ki, 2–7 mart tarixlərini əhatə edən ümumtəhsil məktəblərində “İdman həftəsi” çərçivəsində Sabirabad rayonunun Əlicanlı kəndində yerləşən N. İsmayılov adına Əlicanlı kənd tam orta ümumtəhsil məktəbində idman festivalı keçirilmişdir. Festival N. İsmayılov adına Əlicanlı kənd tam orta ümumtəhsil məktəbi və ETİHİ Sabirabad rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbirdə Sabirabad Rayon Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Seyidhüseyn Hüseynov, Sabirabad rayon Təhsil sektorunun əməkdaşı Asif Eyyubov, həmçinin Zəngənə, Cavad 1 saylı, Cavad 2 saylı, Türkədi və Yolçubəyli kənd tam orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak etmişdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmişdir. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirin açılışında çıxış edən məktəbin direktoru Həsən Yunisov qonaqları salamlayaraq idmanın şagirdlərin sağlam və vətənpərvər ruhda yetişməsində mühüm rol oynadığını vurğulamışdır. Daha sonra ETİHİ Sabirabad rayon Komitəsinin sədri Seyidhüseyn Hüseynov və Sabirabad Təhsil sektorunun əməkdaşı Asif Eyyubov çıxış edərək iştirakçıları 5 mart – Bədən tərbiyəsi və İdman Günü münasibətilə təbrik etmiş, festival iştirakçılarına uğurlar arzulamışlar.
Festival çərçivəsində qol gücü yarışı, kəndir dartma, şahmat, estafet oyunları, həmçinin “Olimpiya oyunları uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.
Tədbir zamanı Sabirabad Rayon Mədəniyyət Mərkəzinin incəsənət xadimi Şamil Ağayev şən musiqi nömrələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatmışdır.
Sonda yarışlarda uğur qazanan müəllim və şagirdlərə diplomlar ETİHİ Sabirabad rayon Komitəsi və məktəbin direktoru tərəfindən təqdim edilmişdir.












