Qazax İdman paytaxtı-2026 çərçivəsində rəsm müsabiqəsi keçirilir
"Sabirabadxəbər.az" xəbər verir ki, Müsabiqə rəsm və əl işlərindən ibarət olmaqla 3 qrup (I qrup 9-13 yaş, II qrup 14-18 yaş, III qrup 19-29 yaş) üzrə keçirilir.
Müsabiqə 2 turdan ibarət olacaqdır.
Rəsm işləri kağız, kətan və digər materiallar üzərində olmalıdır. Müsabiqəyə istənilən texniki üsullarla (yağlı boya, quaş, akvarel, pastel, karandaş və s.) çəkilmiş rəsm əsərləri və əl işləri qəbul olunur. Hər bir iştirakçı fərdi olaraq müsabiqəyə maksimum idman mövzusunda (akrobatika, aerobika, avarçəkmə, qol güləşi, ağırlıqqaldırma, atçılıq, atıcılıq, basketbol, boks, boulinq, valeybol, velosiped, karate, güləş, üzgüçülük, futbol, şahmat, tennis, cüdo, dama, qılıncoynatma, ox atma, xokkey, bilyard və s.) iki əsər təqdim edə bilər. Həmçinin, "Qazax İdman paytaxtı 2026"nın loqosunda Qazaxın rəmzlərindən olan Göyəzən dağı və Dilbaz atı, layihə üçün hazırlanan maskotdakı Qazaxa xas aşıq sənətinin rəmzi olan sazla gənc idmançı mövzusunda çəkilmiş rəsmlər də müsabiqəyə təqdim oluna bilər.
Rəsm işlərinin arxa hissəsində müəllifin adı, soyadı, yaşı, təhsil aldığı müəssisə göstərilməlidir. Müsabiqədə iştirak edənlər anket formasını doldurmalı və 1-ci turun keçirilməsi üçün nəzərdə tutulan mədəniyyət müəssisələrinə təqdim etməlidir.
1-ci tur Qazax Dövlət Rəsm Qalereyasında, Ağstafa Dövlət Rəsm Qalereyasında, Şəmkir rayon Mədəniyyət Mərkəzində, Tovuz rayon Nizami adına Mədəniyyət evində, Final mərhələsi Qazax şəhərində keçiriləcəkdir.
Rəsm işləri 24 fevral 2026-cı il tarixinə kimi Qazax Dövlət Rəsm Qalereyasına təqdim edilməlidir.
Hər qrup üzrə bir – I, iki – II, üç – III yeri tutan müsabiqənin qalibləri fəxri fərmanla təltif olunacaq və mükafatlandırılacaqlar.
Müsabiqəni keçirməkdə əsas məqsəd istedadlı uşaq, yeniyetmə və gənclərin aşkar etmək, sağlam həyat tərzində idmanın rolunu təşviq etməkdir.
Əziz yeniyetmə və gənclər!
Sizləri müsabiqədə iştirak etməyə dəvət edirik.



