Birlikdə yaşıllaşdıraq
"SABİRABADXƏBƏR" xəbər verir ki , Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının, Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli rayonu üzrə Təhsil sektorunun və Yalavac kənd İ.Səfərov adına tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və memarlıq ili” çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir. Yalavac kənd İ.Səfərov adına tam orta ümumtəhsil məktəbinin həyətində keçirilmiş aksiyada YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayonu üzrə Təhsil sektorunun müdiri Elşad Uğurliyev, “Nəsimi” ərazi partiya təşkilatının sədri, məktəbin direktoru Ozal Möhbalızadə və partiya fəalları iştirak ediblər. Aksiya zamanı qeyd olunan əraziyə 150-ə yaxın ağac əkilib, yeni əkilən tinglər suvarılıb və ərazidəki digər ağaclara aqrotexniki qaydada qulluq göstərilib.
Aksiyada əsas məqsəd yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verməkdir. Bu gün əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq, həm də rayonda ekoloji tarazlığın qorunmasında vacib rol oynayacaqdır.


















