“Məktəbli Kuboku” turnirinin zona mərhələsi uğurla yekunlaşıb.
"Sabirabadxəbər" xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan turnirdə İmişli rayonu üzrə müxtəlif yaş kateqoriyalarında məktəb komandaları iştirak ediblər. Yarışlara 7-ci sinif oğlanlardan, həmçinin 5-ci sinif oğlan və qızlardan ibarət komandalar qatılıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən zona mərhələsinin nəticələrinə əsasən, İmişli şəhəri Namiq Şirinov adına 5 nömrəli məktəb-liseyin 7-ci sinif oğlanlarından ibarət komandası, eləcə də Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin 5-ci sinif qızlarından ibarət komandası qalib adını qazanıb.
Qalib komandalar may ayında təşkil olunacaq respublika mərhələsində iştirak etmək hüququ əldə ediblər və ölkə birinciliyi uğrunda mübarizələrini davam etdirəcəklər.
Qeyd edək ki, “Məktəbli Kuboku”nun əsas məqsədi məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təşviq etmək və uşaqlarda komanda ruhunun formalaşmasına dəstək verməkdir. Ölkənin bütün bölgələrini əhatə edən bu turnir məktəblilər arasında idmana marağın artırılmasına mühüm töhfə verir.





