Xalq Çalğı Alətləri İfaçılarının I Mərkəzi Aran Regional Müsabiqəsi keçirilir
Milli musiqimizin ən görkəmli nümayəndələrindən biri, Xalq artisti, tarzən Hacı Məmmədovun anadan olmasının 106 illiyinə həsr olunmuş Xalq Çalğı Alətləri İfaçılarının I Mərkəzi Aran Regional Müsabiqəsi keçirilir.
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin dəstəyi, Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə keçirilən müsabiqənin I mərhələsi 6, 8 və 10 aprel 2026-cı il tarixlərində baş tutub.
Regional İdarənin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin şagirdlərinin iştirak etdiyi müsabiqənin keçirilməsində məqsəd milli musiqi irsimizin təbliği, xalq çalğı alətləri üzrə istedadlı ifaçıların üzə çıxarılması, gənc ifaçıların bacarıqlarını nümayiş etdirmək üçün səmərəli şəraitin yaradılması və onların peşəkar inkişafına dəstək göstərilməsidir.
I mərhələdə uğurla çıxış edən namizədlər II mərhələdə iştirak etmək hüququ qazanıblar.
"Sabirabadxəbər" bildirir ki, müsabiqə tar, qarmon və kamança ixtisasları olmaqla iki yaş qrupu üzrə iki mərhələdə keçirilir. İştirakçılar xüsusi qaydada seçilmiş peşəkar münsiflər heyəti tərəfindən qiymətləndirilir. Müsabiqənin II mərhələsi 15 və 17 aprel 2026-cı il tarixlərində keçiriləcək. II mərhələnin nəticələrinə əsasən hər yaş qrupu üzrə I, II və III yerlərin qalibi seçilərək qala konsertində mükafatlandırılacaqlar.
















