Hacıqabulda futzal idman növü
birincilik keçirilib.
"Sabirabadxəbər" xəbər verir ki, Hacıqabul rayonunda futzal idman növü üzrə Muğan ərazisini əhatə edən birincilik yarışı təşkil olunub. Yarış Hacıqabul Rayon Gənclər və İdman Sektorunun təşkilatçılığı ilə Muğan qəsəbə məktəbində keçirilib. Tədbirin əsas məqsədi bölgədə gənclər arasında sağlam həyat tərzinin təbliği, futzal idman növünə marağın artırılması və məktəblər arasında idman əlaqələrinin gücləndirilməsi olub.
Yarışda Muğan ərazisində yerləşən müxtəlif kənd və qəsəbə məktəblərinin komandaları iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunlar məktəblilər tərəfindən böyük maraqla izlənilib. Komandalar oyun ərzində həm texniki, həm də taktiki hazırlıqlarını ortaya qoyaraq qalibiyyət uğrunda mübarizə aparıblar.
Yekun nəticələrə əsasən, I yeri Meyəman kənd məktəbinin komandası qazanaraq birinciliyin qalibi olub. II yerə Talış kənd məktəbinin komandası layiq görülüb. III yeri isə yarışa ev sahibliyi edən Muğan qəsəbə məktəbinin komandası tutub.
Qalib və mükafatçılar təşkilatçılar tərəfindən medal və diplomlarla təltif olunublar. Yarışında çıxış edən təşkilatçılar bu cür tədbirlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayaraq, gəncləri idmana daha fəal qoşulmağa dəvət ediblər.
N.Quliyeva













