"SABİRABADXƏBƏR" xəbəf verir ki, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı Heydər Əliyev Mərkəzində partiyanın fəal qadınlarının iştirakı ilə dəyirmi masa formatında görüş keçirib. Tədbirin məqsədi Azərbaycan qadınlarının cəmiyyət həyatında rolunu, dövlət tərəfindən qadın siyasətinə göstərilən diqqət və qayğını müzakirə etmək, eyni zamanda bu əlamətdar gün münasibətilə qadınları təbrik etmək olub.
Tədbiri giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov iştirakçıları salamlayaraq 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları səmimi qəlbdən təbrik edib. O qeyd edib ki, Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıblar, dövlət quruculuğu prosesində fəallıq nümayiş etdiriblər. Bildirilib ki, ölkəmizdə qadın hüquqlarının qorunması, onların ictimai-siyasi həyatda iştirakının genişləndirilməsi daim dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Varis Rüstəmov çıxışında vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət qadın siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan qadınları bu gün dövlət idarəçiliyində, elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəal şəkildə təmsil olunur, ölkənin inkişafına mühüm töhfələr verirlər. Rayon sədrinin sözlərinə görə, Sabirabad rayonunun ictimai həyatında da qadınların rolu böyükdür və onlar müxtəlif sahələrdə öz zəhmətləri ilə seçilirlər.
Daha sonra tədbirdə çıxış edən Sabirabad rayon icra hakimiyyəti başçısının müavini Ceyran Xəlilova, Qaratəpə kənd ərazi partiya təşkilatının sədri Gülnar Hüseynova, Qaratəpə kənd ərazi partiya təşkilatının sədr müavini Nüşabə Əlizadə, 2 saylı ərazi partiya təşkilatının sədri Solmaz Səmədova, partiya veteranı Sədaqət Rəsulova və Kürkəndi kənd ərazi partiya təşkilatının sədri Gülsurə İbadova qadınların cəmiyyət həyatındakı rolundan bəhs edərək, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğunu qeyd ediblər. Çıxış edənlər bildirib ki, Azərbaycan qadınları hər zaman ailə dəyərlərinin qorunmasında, gənc nəslin vətənpərvər ruhda tərbiyəsində və cəmiyyətin inkişafında mühüm rol oynayıblar. Onlar eyni zamanda belə görüşlərin qadınların bir araya gələrək fikir mübadiləsi aparması baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.
Çıxış edənlər 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün Azərbaycan qadınlarını təbrik edərək onlara möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda tədbir iştirakçıları ilə səmimi fikir mübadiləsi aparılıb, qadınların cəmiyyət həyatındakı rolu və qarşıda duran vəzifələr ətrafında müzakirələr keçirilib. Tədbir xoş və səmimi atmosferdə başa çatıb.









