Beyləqanda riyaziyyat müəllimləri ilə tədrisin keyfiyyəti müzakirə olunub.
---
"Sabirabadxəbər.az" xəbər verir ki, Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli və Beyləqan rayonu üzrə təhsil sektorunun müdiri Elvin Abbasov iştirak ediblər.
Görüşün əsas məqsədi məktəblərdə riyaziyyat fənninin tədrisi vəziyyətini təhlil etmək, müəllimlərin qarşılaşdığı çətinlikləri dinləmək və tədrisin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirmək olub.
Cavid Məmmədli çıxışında riyaziyyatın şagirdlərin analitik düşünmə bacarıqlarının formalaşmasında, məntiqi təfəkkürünün inkişafında və digər fənlərin mənimsənilməsində mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, müasir dövrün tələblərinə uyğun tədris metodlarının tətbiqi, interaktiv yanaşmaların genişləndirilməsi və müəllimlərin peşəkar inkişafının davamlı şəkildə dəstəklənməsi əsas prioritetlərdəndir.
Görüş zamanı 2025–2026-cı tədris ilinin birinci yarımilinə dair nəticələr də geniş müzakirə olunub. Şagird nailiyyətləri, aparılan monitorinq və qiymətləndirmə nəticələri təhlil edilib, əldə olunan göstəricilər əsasında mövcud vəziyyət dəyərləndirilib. Qeyd olunub ki, riyaziyyat fənni üzrə nəticələrin yüksəldilməsi üçün sistemli və məqsədyönlü fəaliyyət vacibdir.
Görüş zamanı müəllimlər öz təcrübələrini bölüşüb, gündəlik tədris prosesində qarşılaşdıqları çətinlikləri, xüsusilə bəzi şagirdlərdə baza biliklərinin zəif olması, motivasiya məsələləri və vaxtın səmərəli idarə olunması ilə bağlı fikirlərini bölüşüblər. Səsləndirilən təklif və qeydlər diqqətlə dinlənilib, onların həlli üçün metodiki dəstəyin gücləndirilməsi, təcrübə mübadiləsinin artırılması vacib hesab olunub və birgə fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Tədbirin sonunda riyaziyyat müəllimləri qarşısında duran vəzifələr, onların peşəkar inkişafı üçün nəzərdə tutulan tədbirlər və gələcək əməkdaşlıq perspektivləri barədə müzakirələr də aparılıb. Səsləndirilən təklif və qeydlər diqqətlə dinlənilib, onların həlli istiqamətində konkret addımların atılmasının vacibliyi qeyd olunub.















