• 04.06.2026 » 13:00

Sabirabad rayonunda “Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri keçirilib

Sabirabad rayonunda “Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:

Sabirabad rayonunda “Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri keçirilmişdir
Sabirabad rayon Bayraq Muzeyində “Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşdırıldı. Artıq ənənə halını alan bu tədbir Azərbaycan xalq tətbiqi sənətinin incilərindən olan milli kəlağayı sənətinin təbliği, yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır. Bu ilki tədbir ölkəmizdə elan olunmuş “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunaraq milli irsimizin şəhər mədəniyyəti, memarlıq estetikası və şəhərsalma mühiti ilə vəhdəti mövzusuna xüsusi diqqət ayırılmışdır.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxışında qeyd etdi ki, kəlağayı Azərbaycan xalqının qədim tarixini, adət-ənənələrini və milli dəyərlərini yaşadan mənəvi sərvətlərimizdən biridir. O bildirdi ki, bu sənət nümunəsinin qorunması və gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. H.Həsənov həmçinin kəlağayı sənətinin təbliğinin milli-mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynadığını vurğuladı.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İB-nin sədri Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, artıq ənənəyə çevrilən bu tədbir milli-mənəvi dəyərlərimizin yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. O, kəlağayının Azərbaycan qadınının mənəvi dünyasını, zərifliyini və milli kimliyini özündə əks etdirən nadir irs nümunəsi olduğunu qeyd etmişdir.
Daha sonra YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev qonaqları salamlamış, Azərbaycan milli geyimlərinin, xüsusilə milli baş örtüyümüz olan kəlağayının həm ənənəvi, həm də müasir formada təqdim olunması, onun tarixi və hazırlanma texnologiyası barədə ictimaiyyətin məlumatlandırılması, gənclər arasında milli-mənəvi dəyərlərə marağın artırılmasının vacibliyini vurğulamışlar.
Tədbirdə həmçinin “Mirvarid Dilbazi Poeziya Məclisi” İB- nin müavini Vüsal Sehranoğlu, şairələr Lalə İsmayıl, Səringül Sadə, Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktor əvəzi Səlmi Mehtiyeva, H.Z.Tağıyev adına 6 saylı şəhər tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, şair Rəqibə Paşayeva (Qəvvas) öz şeirləri, eləcə də Nuruş Məmmədli, Murad Hümbətli, Sərxan Baxşıyev, Şamil Ağayev musiqi nömrələri və saz havaları ilə çıxış etdilər.


Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva