2025/2026 mövsümü Region Liqasında həlledici qarşılaşmanın vaxtı bəlli olub. Sabirabadı uğurla təmsil edən “Marafon FK” final oyununda “Zəngəzur FK” ilə üz-üzə gələcək.
"Sabirabadxəbər" xəbər verir ki, Gərgin və maraqlı keçməsi gözlənilən final qarşılaşması 18 may 2026-cı il tarixində saat 16:00-da Şamaxı Şəhər Stadionu keçiriləcək.
“Marafon FK” mövsüm ərzində nümayiş etdirdiyi əzmkar oyun və uğurlu nəticələrlə finala qədər irəliləməyi bacarıb. Komanda yarımfinal mərhələsində rəqibini ümumi hesabda 6:2 məğlub edərək finala yüksəlib və Sabirabad futbolsevərlərinə böyük sevinc yaşadıb.
Finalda isə rəqib güclü kollektivlərdən hesab olunan “Zəngəzur FK” olacaq. Hər iki komandanın çempionluq uğrunda mübarizəsi futbol azarkeşlərinə əsl final ab-havası vəd edir.
Sabirabadlı futbolsevərlərin komandaya dəstək olmaq üçün Şamaxıya böyük maraq göstərdiyi bildirilir. Azarkeşlərin tribunalarda yaradacağı möhtəşəm atmosferin oyuna əlavə rəng qatacağı gözlənilir.



