"Sabirabadxəbər" xəbər verir ki, Ümumdünya Sağlamlıq Günü münasibətilə Salyan Rayon İcra Hakimiyyəti və Salyan Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində “Bir damla bir həyat bəxş edir” adlı qanvermə aksiyası keçirilib.
Aksiya Səhiyyə Nazirliyi Respublika Qan Bankının Şirvan bölməsinin tibbi briqadası tərəfindən həyata keçirilib.
Talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərə, eləcə də qana ehtiyacı olan xəstələrə dəstək məqsədi daşıyan aksiyada Salyan rayon sakinləri fəal iştirak ediblər.
Donorlar əvvəlcə həkim-hematoloqlar tərəfindən müayinə olunub, sağlamlıq vəziyyətləri yoxlanıldıqdan sonra qanverməyə cəlb ediliblər.
Toplanan qan komponentlərə ayrılaraq Qan Bankının ehtiyat bazasına yerləşdiriləcək və talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
















