"Sabirabadxəbər" xəbər verir ki, 02 aprel 2026-cı il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Kürkəndi kənd Yaradıcılıq evinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşləri şəhidi, polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevin anım günü ilə əlaqədar Sabirabad rayonunun Şəhidlər xiyabanında abidəsi ziyarət olunub.
Anım tədbirində Kürkəndi kənd tam orta məktəbinin şagirdləri,müəllimləri və kitabxana əməkdaşları iştirak ediblər.
Öncə Milli Qəhrəmanın abidəsi önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.
Anım tədbirində Kürkəndi kənd Yaradıcılıq evinin direktoru Əsiqə Yusubova çıxışında Murad Mirzəyevin şərəfli həyat və xidmət yolundan, döyüşlər zamanı göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb.
Qeyd edək ki, Murad Mirzəyev 2016-cı il Aprel döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib və baş verən qeyri–bərabər döyüşdə şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Murad Mirzəyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.





