Torpaq çərşənbəniz mübarək! 🌾
"Sabirabadxəbər" bildirir ki, Novruz bayramının müjdəçisi olan İlaxır çərşənbələrin sonuncusu – Torpaq çərşənbəsi xalqımızın qədim inancları və zəngin milli-mənəvi dəyərləri ilə bağlı olan xüsusi günlərdən biridir. Bu çərşənbə təbiətin oyanışını, torpağın dirçəlişini və həyatın yenidən canlanmasını simvolizə edir.
Xalq inanclarına görə, Torpaq çərşənbəsi günündə torpaq artıq qış yuxusundan ayılır, təbiət yeni nəfəs alır, ağaclar tumurcuqlayır, insanlar isə yazın gəlişini böyük sevinc və ümidlə qarşılayırlar. Bu gün həm də bolluq və bərəkətin başlanğıcı kimi qəbul edilir. İnsanlar həyətlərində, bağlarında torpağa toxunur, onu becərir, yeni mövsüm üçün hazırlıq görürlər.
Torpaq çərşənbəsi xalqımızın torpağa olan sevgisini və bağlılığını bir daha xatırladır. Çünki torpaq həyatın, ruzi-bərəkətin, zəhmətin və zənginliyin əsas mənbəyidir. Əsrlər boyu Azərbaycan xalqı torpağı müqəddəs bilmiş, onu qorumağı və dəyər verməyi özünə borc saymışdır.
Bu əziz gün münasibətilə hər kəsi ürəkdən təbrik edir, Torpaq çərşənbəsinin yurdumuza firavanlıq, süfrələrimizə bolluq-bərəkət, hər bir ailəyə sağlamlıq, xoşbəxtlik və ruzi gətirməsini arzulayırıq. Qoy, baharın gəlişi hər evə sevinc, ümid və yeni uğurlar bəxş etsin! 🌿
N.Quliyeva







