Mil-Muğan regionunda Novruz coşqusu – rayonlarda bayram festivalları keçiriləcək.
"Sabirabadxəbər" in məlumatına görə, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə bölgədə Novruz bayramı münasibətilə silsilə festivallar keçiriləcək.
Bayram tədbirləri ilk olaraq 17 mart 2026-cı il saat 11:00-da Beyləqan şəhərində təşkil olunacaq. Festival çərçivəsində milli musiqilər, folklor nümunələri, Novruz adət-ənənələrini əks etdirən çıxışlar və müxtəlif sərgilər təqdim ediləcək.
Novruz şənlikləri 18 mart 2026-cı il saat 11:00-da Sabirabad şəhərində, Sabirabad Mədəniyyət Mərkəzinin qarşısında davam edəcək. Tədbirdə rayon sakinləri üçün maraqlı konsert proqramı, milli oyunlar və bayram süfrəsi təşkil olunacaq.
Bundan əlavə, Novruz festivalları regionun digər rayonları olan Saatlı və İmişli rayonlarında da keçiriləcək.
Hər kəs bu bayram şənliklərinə dəvət olunur və Novruzun sevincini birlikdə yaşamağa çağırılır.



