"SABİRABADXƏBƏR" xəbər verir ki, Neftçala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təşkilatçılığı ilə rayonun Astanlı və İkinci Qaralı kənd tam orta məktəblərində “Yol hərəkəti qaydalarına riayət etmək təhlükəsizliyin qarantıdır” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Tədbirlərdə çıxış edən polis əməkdaşları keçirilən tədbirlərin əsas mahiyyətinin azyaşlıları yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və onların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaq olduğunu bildiriblər. Tədbirlər zamanı yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışılıb, nişanlardan düzgün istifadə qaydaları haqqında geniş məlumatlar verilib.
Görüşlərin sonunda polis əməkdaşları tərəfindən şagirdlərə təhlükəsizlik qaydaları əyani şəkildə izah olunub, hərəkətin sıx və intensiv olduğu küçələrdə hərəkət edərkən daha ehtiyatlı olmalarının zəruriliyi çatdırılıb.



