Şəhid Vüqar Kərimovun şəhadətinin 34-cü ildönümü qeyd olunub
"Sabirabadxəbər" xəbər verirki, Sabirabad rayon Qaratəpə kəndində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş, birinci Qarabağ döyüşlərində şəhid olmuş Vüqar Kərimovun şəhadətinin 34-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.
Tədbirdə məktəblilər, şəhid ailələrinin üzvləri, kənd nümayəndələri, ictimaiyyət fəalları və sakinlər iştirak ediblər.
Anım mərasimi şəhidin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Daha sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbir iştirakçıları şəhid Vüqar Kərimovun həyat və döyüş yolundan bəhs edərək onun göstərdiyi qəhrəmanlıq nümunələrinin gənc nəsil üçün əsl vətənpərvərlik məktəbi olduğunu vurğulayıblar.
Qaratəpə kəmd ümumi orta məktəbin şagirdləri tərəfindən şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, vətənpərvərlik mövzusunda çıxışlar edilib. Çıxış edənlər bildiriblər ki, şəhidlərimizin xatirəsini yaşatmaq, onların igidliyini gələcək nəsillərə çatdırmaq hər bir vətəndaşın mənəvi borcudur.
Şəhid ailələrinin üzvləri göstərilən diqqət və ehtirama görə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, dövlət və xalq tərəfindən şəhid ailələrinə göstərilən qayğı onların dərdinə təsəlli, qürur mənbəyidir.
Şəhidin xatirəsinə ucaldılmış abidə və məzar ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, dualar oxunub.
Bir daha vurğulanıb ki, Şəhid Vüqar Kərimovun və onun kimi Vətən uğrunda canından keçən igidlərin xatirəsi daim xalqımızın yaddaşında yaşayacaq.







