• 21.07.2026 » 20:43

22 İyul - Milli Mətbuat Günü münasibətilə Mil-Muğan Regional Təhsil İdarəsində bir qrup media nümayəndəsi ilə görüş keçirilib

22 İyul - Milli Mətbuat Günü münasibətilə Mil-Muğan Regional Təhsil İdarəsində bir qrup media nümayəndəsi ilə görüş keçirilib © sabirabadxeber.az
Şrift ölçüsü:
22 İyul - Milli Mətbuat Günü münasibətilə Mil-Muğan Regional Təhsil İdarəsində bir qrup media nümayəndəsi ilə görüş keçirilib.
---
Görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, eləcə də regionda fəaliyyət göstərən media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili Azərbaycan milli mətbuatının zəngin tarixi inkişaf yolundan, cəmiyyətin maariflənməsində və ictimai rəyin formalaşmasında oynadığı mühüm roldan danışıb. O, qeyd edib ki, milli mətbuatımızın əsası böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən qoyulub və ötən illər ərzində Azərbaycan mətbuatı ölkənin ictimai-siyasi, sosial və mədəni həyatının ayrılmaz tərkib hissəsinə çevrilib.
Bəhruz Nəbili çıxışında vurğulayıb ki, Azərbaycan mətbuatının müasir inkişaf mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun rəhbərliyi dövründə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atılıb, medianın inkişafı üçün əlverişli şərait yaradılıb. Bu siyasətin bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən idarə müdiri media sahəsinə göstərilən dövlət qayğısının ölkədə peşəkar və məsuliyyətli jurnalistikanın inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
İdarə müdiri qeyd edib ki, maarifçilik ənənələri üzərində formalaşan Azərbaycan mətbuatı bu gün də cəmiyyətin inkişafında əhəmiyyətli missiya daşıyır. Xüsusilə təhsil sahəsində həyata keçirilən islahatların, əldə olunan nailiyyətlərin və məktəb həyatında baş verən yeniliklərin ictimaiyyətə operativ, obyektiv və dolğun şəkildə çatdırılmasında media nümayəndələrinin rolu böyükdür. O, bildirib ki, Mil-Muğan Regional Təhsil İdarəsi media ilə açıq, şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlığa hər zaman önəm verir.
Bəhruz Nəbili jurnalistləri Milli Mətbuat Günü münasibətilə səmimi-qəlbdən təbrik edərək, onların cəmiyyətin düzgün məlumatlandırılması, maarifləndirilməsi və təhsil sahəsində görülən işlərin işıqlandırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. O, media nümayəndələrinə gələcək peşə fəaliyyətlərində uğurlar, möhkəm cansağlığı və yeni yaradıcılıq nailiyyətləri arzulayıb.
Görüş zamanı media nümayəndələri də çıxış edərək Mil-Muğan Regional Təhsil İdarəsi ilə formalaşmış səmərəli əməkdaşlıq münasibətlərindən məmnunluqlarını ifadə ediblər. Onlar idarənin operativ informasiya siyasətini, media ilə açıq dialoqa üstünlük verməsini yüksək qiymətləndirərək göstərilən diqqət və səmimi qəbula görə təşəkkürlərini bildiriblər.
Sonda elm və təhsil sahəsini işıqlandıran media nümayəndələrinə fəaliyyətlərinə görə Mil-Muğan Regional Təhsil İdarəsinin təşəkkürnamələri və hədiyyələri təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Oxşar xəbərlər
Heydər Əliyev
Ümummilli lider
Heydər Əliyev
İlham Əliyev
Prezident
İlham Əliyev
Mehriban Əliyeva
Vitse Prezident
Mehriban Əliyeva