“Sabirabad Gənclər Evi” sosial xidmət müəssisəsi və İlğım Ədviyyat Markası arasında qurulan əməkdaşlıq çərçivəsində İlğım Ədviyyat markasının qurucusu və rəhbəri Məmməd Mənsumov ilə müəssisənin əməkdaşları arasında görüş keçirilib.
"Sabirabadxəbər" ə verilən məlumata görə, Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq imkanları, birgə sosial layihələrin həyata keçirilməsi, gənclərin inkişafına yönəlmiş təşəbbüslər və müxtəlif fəaliyyət istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə gənclərin məşğulluğu, onların sahibkarlıq fəaliyyətinə təşviqi, maarifləndirici tədbirlərin təşkili və sosial aktivliyin artırılması kimi məsələlər xüsusi diqqət mərkəzində olub.
Məmməd Mənsumov rəhbərlik etdiyi İlğım Ədviyyat markasının fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verərək, gənclərlə əməkdaşlığa və sosial layihələrdə aktiv iştiraka önəm verdiklərini bildirib. O qeyd edib ki, gənclərin inkişafına dəstək olmaq cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
“Sabirabad Gənclər Evi”nin əməkdaşları isə müəssisənin həyata keçirdiyi layihələr, gənclərlə iş sahəsində görülən tədbirlər və gələcək planlar haqqında məlumat veriblər. Bildirilib ki, dövlət-özəl sektor əməkdaşlığı gənclərin inkişafı və sosial təşəbbüslərin genişlənməsi baxımından mühüm rol oynayır.
Sonda tərəflər qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi və müxtəlif istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi barədə razılığa gəliblər.



