Millət vəkili Jalə Əliyeva deputatı olduğu Kürdəmir rayonunun Mollakənd, Ərəbxana, Çərtəyəz, Türkədi kəndlərindən olan seçiciləri ilə görüşüb.
"Sabirabadxəbər" xəbər verirki, Ərəbxana kəndində baş tutan görüşdən əvvəl şəhidlərin xatirə kompleksi ziyarət edilib, ruhlarına dualar oxunub.
Sonra görüş iştirakçılarına ölkəmizin bütün bölgələrində, o cümlədən işğaldan azad etdiyimiz torpaqlarda gedən böyük quruculuq işləri haqqında deputat tərəfindən ətraflı məlumat verilib, Azərbaycanın bölgədə və dünyada durmadan artan nüfuzu qeyd edilib, bütün suveren ərazimizdə hökm sürən sabitlik və əmin-amanlıq xüsusi olaraq vurğulanıb.
Görüş iştirakçıları, görülən işlər üçün minnətdarlıqlarını bildiriblər. Eyni zamanda bəzi problemləri də millət vəkilinin diqqətinə çatdırıblar. Sakinlər əsasən son güclü yağıntıların yaratdığı fəsadların qısa zamanda aradan qaldırılması üçün görülən tədbirlərin intensivləşdirilməsinə və sürətləndirilməsinə ehtiyac olduğunu bildiriblər. Görüş iştirakçıları Çərtəyəz kəndində 4 km məsafədə kəndə gedən əsas yolun asfaltlanmasına, Mollakənd kənd tibb məntəqəsinə həkim təyin edilməsinə, Ərəbxana kəndində kənd qəbirstanlığına elektrik xəttinin çəkilməsinə və kənddə tibb məntəqəsinin tikintisinə köməklik göstərilməsini xahiş ediblər. Ümumiyətlə hər dörd kənddə elektrik xətlərinin və dirəklərinin yenilənməsinə, kənd yollarının əsaslı təmirinə, işlə təminatın yüksəldilməsinə ehtiyac olduğu bildirilib.
Qaldırılan məsələlərin bir qismi ilə bağlı deputat tərəfindən yerli qurumlarla əlaqə saxlanılıb. Respublika səviyyəli digər məsələlərin həlli yollarının araşdırılması üçün isə rəsmi müraciət olunmasına qərar verilib.











