28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar maarifləndirici tədbirlər keçirilib.
"Sabirabadxəbər" xəbər verir ki, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsinə daxil olan rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələri ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının yerli bölmələrinin birgə təşkilatçılığı ilə 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlərin məqsədi iş yerlərində əməyin mühafizəsinin düzgün təşkili, bədbəxt hadisələrin qarşısının alınması, işçilərin istirahət və məzuniyyət hüquqları barədə məlumatlılığın artırılması, həmçinin əmək qanunvericiliyində edilmiş son dəyişikliklərin diqqətə çatdırılması olub.
Çıxış edənlər bildiriblər ki, təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması hər bir müəssisənin əsas prioritetlərindən biridir. Qeyd olunub ki, əməyin mühafizəsi üzrə mütəxəssislərin rolu bu sahədə mühüm əhəmiyyət kəsb edir və yeni qəbul edilmiş standartlar iş yerlərində təhlükəsizlik səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Vurğulanıb ki, aparılan islahatlar çərçivəsində normativ-hüquqi aktlara 400-dən çox dəyişiklik edilib və bu dəyişikliklərin əsas məqsədi əmək münasibətlərinin təkmilləşdirilməsi, işçi və işəgötürən hüquqlarının daha effektiv qorunması, eləcə də əmək bazarında şəffaflığın artırılmasıdır.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.











