Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimləri növbəti uğura imza atıblar.
"Sabirabadxəbər" xəbər verir ki, Məktəbin müəllimləri Azərbaycan Respublikasının Təhsil İnstitutu və HP IDEA (HP İnnovasiya və Rəqəmsal Təhsil Akademiyası) tərəfindən həyata keçirilən beynəlxalq proqramda uğurla iştirak edərək HP IDEA sertifikatı ilə təltif olunublar. Bununla yanaşı, təmsil etdikləri məktəb HP IDEA rəqəmsal plakatına layiq görülərək beynəlxalq müəllimlər şəbəkəsinə qoşulub.
Qeyd edək ki, bu beynəlxalq proqram çərçivəsində müəllimlərə texnologiya, innovasiya və pedaqogikanı birləşdirən qabaqcıl təlim imkanları təqdim edilib. Proqram ərzində sorğu və sənədləşdirmə, şagird işlərinin təhlili, fəaliyyət nəzəriyyəsi, təsiredici dizayn, insanlar və qarşılıqlı əlaqələr, layihə hekayəsinin yazılması kimi bir çox mövzular əhatə olunub.



