16 aprel 2026-cı il tarixdə Saatlı rayon Şahmat məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Saatlı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının və Saatlı rayon Uşaq-Gənclər İdman Şahmat məktəbinin birgə təşkilatçılığı ilə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları arasında keçirilən şahmat yarışının açılış mərasimi baş tutub.
Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov və Saatlı rayon UGİŞM-nin direktoru Abdulla Nurəliyev tədbirdə çıxış edərək bildiriblər ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin banisi kimi ölkənin bütün sahələrində, o cümlədən idmanın və intellektual oyunların inkişafına daim xüsusi diqqət yetirmişdir. Vurğulandı ki, Ulu Öndərin müəyyən etdiyi strateji kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz beynəlxalq səviyyəli idman mərkəzinə çevrilmişdir. Bu növ yarışların keçirilməsi dahi şəxsiyyətin zəngin irsinə olan ehtiramın bir nümunəsidir.
Qeyd olunub ki, idarə, müəssisə və təşkilatlar arasında belə yarışların keçirilməsi kollektivlər arasında həmrəyliyin gücləndirilməsinə, sağlam rəqabət mühitinin formalaşmasına və əməkdaşların asudə vaxtlarının səmərəli təşkilinə mühüm töhfə verir. Eyni zamanda, şahmatın inkişafı məntiqi düşüncə, strateji planlaşdırma və qərarvermə bacarıqlarının artırılmasına xidmət edir.
Sonda yarış iştirakçılarına uğurlar arzulanıb, qaydalar barədə ətraflı məlumat verilib və turnir rəsmi açıq elan olunub.









