"İnsanlığa nur saçan ömür" adlı dəyirmi masa keçirilib
"Sabirabadxəbər" xəbər verir ki, 13 aprel 2026-cı il tarixdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin və Beyləqan rayon Əlinəzərli kənd orta məktəbinin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar olaraq “İnsanlığa nur saçan ömür” adlı dəyirmi masa keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər Azərbaycanın görkəmli oftalmoloqu, Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın mənalı və şərəfli həyat yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Bildirilib ki, onun həyat və fəaliyyəti gənc nəsil üçün hər zaman nümunədir.
Zərifə xanım Əliyevanın Azərbaycanda tibbin mühüm sahələrindən olan oftalmologiya istiqamətində apardığı elmi tədqiqatlar, bu sahəyə dair çoxsaylı və dəyərli əsərləri, oftalmologiyanın aktual problemlərinə həsr olunmuş araşdırmaları, eləcə də yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasındakı böyük əməyi haqqında geniş söhbət açılıb.
Qeyd olunub ki, onun elmi irsi bu gün də öz aktuallığını qorumaqdadır və tibb elminin inkişafına mühüm töhfə verir.
Məhz bu kimi yüksək peşəkarlığına və elmi nailiyyətlərinə görə Zərifə xanım Əliyevaya Azərbaycan SSR Əməkdar elm xadimi adı verilmiş, o cümlədən SSRİ Tibb Elmləri Akademiyasının M.İ. Averbax adına mükafatına layiq görülmüşdür.
Tədbir zamanı alimin zəngin elmi irsindən, humanist keyfiyyətlərindən və insanlara olan diqqət və qayğısından da bəhs olunub, onun xatirəsinin daim hörmət və ehtiramla yad edildiyi vurğulanıb.














