MÜSİAD Azərbaycan Saatlıda şəhid ailələri, qazilər və Axısqa türkləri üçün iftar süfrəsi təşkil edib.
"SABİRABADXƏBƏR" xəbər verir ki, MÜSİAD Azərbaycan İctimai Birliyi tərəfindən Müqəddəs Ramazan ayı münasibətilə Saatlı rayonunda şəhid ailələri, qazilər və rayonda yaşayan Axısqa türkləri üçün iftar süfrəsi təşkil olunub.
Proqramda Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Əziz Ələkbərov və Səyyad Aran, Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Ağayeva, rayonda fəaliyyət göstərən dövlət qurumlarının rəhbər və nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri və MÜSİAD Azərbaycan üzvləri iştirak ediblər.
İftar proqramından əvvəl MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və digər rəsmi şəxslər Ulu Öndər Heydər Əliyevin abidəsini və Saatlı rayon Şəhidlər Xiyabanını ziyarət ediblər. Həmçinin, Saatlı rayonunda anadan olmuş 44 günlük Vətən müharibəsi şəhidi Xalid Nəciyevin atası Qabil Nəciyevin evi ziyarət olunub.


















