"SABİRABADXƏBƏR" xəbər verirki, AZƏRTAC bu gün 106 yaşını qeyd edir.
1920-ci il martın 1-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən əsası qoyulan AZƏRTAC ilk milli xəbər agentliyi kimi mürəkkəb, çətin və şərəfli yol keçib. Həmin il martın 2-də “Azərbaycan” qəzetində AzərTac imzası ilə ilk xəbərlər dərc olunub. Cümhuriyyət dövrünün yadigarı olan AZƏRTAC müstəqil xəbər mənbəyi kimi təəssüf ki, cəmi 58 gün yaşaya bilib.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Agentlik Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA) filialı kimi fəaliyyət göstərib və 70 il ərzində adı 7 dəfə dəyişdirilib, xəbər yayımında ciddi məhdudiyyətlərlə üzləşib. Lakin buna baxmayaraq, Agentlik üzərinə düşən tarixi missiyanı çətinliklə olsa da, axıradək yerinə yetirib.
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Agentliyin tarixi adı qaytarılıb - 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlayıb. Prezident İlham Əliyevin 2015-ci il fevralın 26-da imzaladığı Sərəncamla isə Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı dəyişdirilərək, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılıb.




