21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə dəyirmi masa təşkil olunub.
"Sabirabadxəbər.az" xəbər verir ki, 20 fevral 2026-cı il tarixində Sabirabad rayon Mərkəzi Kitabxanasında 21 Fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə dəyirmi masa keçirilib.
Tədbirin əsas məqsədi ana dilimizin zənginliyinin, saflığının və qorunmasının vacibliyini iştirakçıların diqqətinə çatdırmaq, dövlət dilinə hörmət və ehtiram hissini daha da gücləndirmək olub.
Tədbirdə Mil- Muğan Regional Mədəniyyət İdarəsinin rəis müavini Telman Əzimov iştirak edib. O, ana dilinin xalqın milli kimliyinin, mənəvi dəyərlərinin və tarixi yaddaşının əsas daşıyıcısı olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan dilinin inkişafı və qorunması hər bir vətəndaşın mənəvi borcudur.
Tədbirdə məktəbli uşaqlar da iştirak ediblər. Onlar ana dilinə həsr olunmuş şeirlər səsləndirib, çıxışları ilə tədbirə xüsusi rəng qatıb və mövzunun əhəmiyyətini daha dolğun şəkildə ifadə ediblər.
Tədbir çərçivəsində ana dilimizin zəngin ifadə imkanlarından, ədəbi dil normalarının qorunmasının əhəmiyyətindən bəhs edilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonda ana dilimizin gələcək nəsillərə saf və zəngin şəkildə ötürülməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.











