"Sabirabadxəbər" bildirir ki, Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən vətəndaşların müraciətlərinin dinlənilməsi və mövcud məsələlərin operativ şəkildə həllinə köməklik göstərilməsi məqsədilə idarə və tabeliyində fəaliyyət göstərən sektorlar üzrə vətəndaş qəbulu keçirilib.
Qəbul zamanı vətəndaşların əsasən təhsil müəssisələrində işlə təminat, müəllimlərin yerdəyişməsi, məktəblərin maddi-texniki bazası, şagirdlərin təhsil prosesi ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların qaldırdığı məsələlər diqqətlə araşdırılaraq bir qismi yerindəcə həll olunub, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd olunub ki, vətəndaşların müraciətlərinə həssas yanaşılması, onların problemlərinin vaxtında və obyektiv şəkildə araşdırılması təhsil sahəsində şəffaflığın və səmərəli idarəçiliyin təmin olunmasında mühüm rol oynayır.
Sonda bildirilib ki, vətəndaş qəbulları mütəmadi olaraq davam etdiriləcək və daxil olan müraciətlərə qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılacaq.
N.Quliyeva