Sabirabadda sentyabr konfransının ikinci günü panel müzakirələri keçirilib.
---
Sabirabad rayonu Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbində 2026–2027-ci tədris ili üzrə sentyabr konfransının ikinci günü panel müzakirələri ilə davam edib.
İdarəetmə, fənlər, məktəbəqədər təhsil və digər istiqamətləri əhatə edən 12 mövzu üzrə keçirilən panel sessiyalarında tədrisin keyfiyyətinin yüksəldilməsi və şagird nailiyyətlərinin yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
Sessiyalarda şagirdlərin oxu, yazı, riyazi və məntiqi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, formativ qiymətləndirmənin düzgün tətbiqi, dərslərin səmərəli planlaşdırılması, diferensial tədris və zəif nəticə göstərən şagirdlərlə işin gücləndirilməsi əsas müzakirə mövzuları olub. Eyni zamanda rəqəmsal resurslardan istifadə, fənlərarası inteqrasiya, sağlam və təhlükəsiz məktəb mühitinin formalaşdırılması, istedadlı şagirdlərin dəstəklənməsi və valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Müzakirələrdə risk qrupuna daxil olan şagirdlərin erkən müəyyənləşdirilməsi, bullinq və zorakılığın qarşısının alınması, oxu klublarının fəaliyyətinin genişləndirilməsi və kitabxana resurslarından səmərəli istifadə ilə bağlı təkliflər səsləndirilib.
Yekun müzakirələr Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədlinin, Sabirabad rayonu üzrə təhsil sektorunun müdiri Mircamal Həşimovun, sektor əməkdaşlarının və moderatorların iştirakı ilə keçirilib.
Sonda 2026–2027-ci tədris ili üzrə qarşıya qoyulan əsas hədəflər və onların icrası üçün nəzərdə tutulan tədbirlər müəyyənləşdirilərək müvafiq protokollarla rəsmiləşdirilib.