İmişli rayonunda yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil işçilərinin sentyabr konfransı keçirilib.
---
İmişli rayon Heydər Əliyev Mərkəzində təşkil olunan konfransda Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov, İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev, sektorun əməkdaşları, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimaiyyət nümayəndələri, ümumi təhsil müəssisələrinin rəhbərləri, direktor müavinləri və qabaqcıl müəllimlər iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən Mil-Muğan Regional Təhsil İdarəsinin müdir müavini Rabil Şahbazov təhsil işçilərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
Rabil Şahbazov ötən tədris ili ərzində təhsil sahəsində görülən işlər, əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə danışıb. O, ümumi təhsil müəssisələrində təlim keyfiyyətinin yüksəldilməsinin əsas prioritetlərdən biri olduğunu vurğulayıb. Bildirilib ki, tədrisin keyfiyyətinin artırılması ilə yanaşı, müasir təlim metodlarından səmərəli istifadə, məktəbdaxili idarəetmənin təkmilləşdirilməsi, tərbiyə işinin düzgün təşkili, sağlam və təhlükəsiz təhsil mühitinin formalaşdırılması istiqamətində işlərin daha da gücləndirilməsi vacibdir.
Daha sonra İmişli rayonu üzrə təhsil sektorunun müdiri Elşad Uğurliyev 2025–2026-cı tədris ili üzrə hesabat məruzəsi ilə çıxış edib. O, ötən tədris ilində sektor tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən işləri ətraflı təhlil edib, əldə olunan nəticələr və mövcud çatışmazlıqlar barədə məlumat verib.
Hesabatda məktəblərin özünüqiymətləndirməsi, məktəb pasportlarının hazırlanması və SWOT təhlillərinin nəticələri, dərsdinləmələrin təşkili, məktəbdaxili qiymətləndirmənin obyektivliyi, zəif nəticə göstərən şagirdlərlə aparılan məqsədyönlü işlər, müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Həmçinin IV və VI siniflər üzrə monitorinqlərin nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarının göstəriciləri əvvəlki tədris ili ilə müqayisəli şəkildə təqdim olunub. Rayon üzrə təhsil nəticələrinin dinamikası, məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti, məktəbəqədər təhsildə əhatəliyin kəmiyyət və keyfiyyət göstəriciləri barədə də ətraflı məlumat verilib.
Elşad Uğurliyev qeyd edib ki, yeni tədris ilində əsas hədəflər əldə olunan müsbət nəticələrin davamlılığını təmin etmək, mövcud problemlərin aradan qaldırılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirmək, şagird nailiyyətlərinin yüksəldilməsinə və təhsil prosesinin keyfiyyətinin daha da artırılmasına nail olmaqdır.
Tədbirdə qarşıdakı tədris ilində hər bir məktəbin fəaliyyətinin konkret hədəflər və nəticələr üzərində qurulmasının, müəllim, şagird və valideyn əməkdaşlığının gücləndirilməsinin, təhsilalanların fərdi ehtiyaclarının nəzərə alınmasının və məktəblərdə keyfiyyətli təhsil üçün əlverişli mühitin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Sentyabr konfransları çərçivəsində müzakirələr avqustun 27-də İmişli şəhəri Aslan Eminov adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində keçiriləcək panel müzakirələri ilə davam etdiriləcək.