sabirabadxeber.az / Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Azərbaycanda akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə 70 manat dövlət rüsumu alınacaq.

"Sabirabadxəbər" xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat dövlət rüsumu alınır.

Qeyd edilib ki, “Balıqçılıq haqqında” qanun layihəsində balıqçılıq su obyektlərində akvakultura fəaliyyətinin “akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi” əsasında həyata keçirilməsi və qeydiyyat şəhadətnaməsinə görə dövlət rüsumunun tutulması nəzərdə tutulub. Qanunun bu tələbindən irəli gələrək “Dövlət rüsumu haqqında” qanunun 18.69-cu maddəsi yeni redaksiyada verilir.

Qeydiyyat şəhadətnaməsinin verilməsi zamanı yaradılan təsərrüfatın tələblərə uyğunluğunun qiymətləndirilməsi, ekspertiza və inzibati icraat tədbirləri həyata keçirilir. Bu baxımdan dövlət rüsumunun müəyyən edilməsi həmin inzibati xərclərin qismən kompensasiyasını təmin etməklə yanaşı, hüquqi sistemdə bərabərlik və vahid yanaşma prinsipini də təmin edir və fəaliyyətin leqallaşdırılmasını stimullaşdırır.

Bu gün, 10:22
Geri