Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayonunda müəllimlərlə geniş tərkibli görüş keçirilib.
Görüş Sabirabad rayonu Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbində baş tutub. Tədbirdə Elm və Təhsil nazirinin müşaviri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev, Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, qurumların müvafiq mütəxəssis heyəti, eləcə də Mil-Muğan RTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin Azərbaycan dili və ibtidai sinif müəllimləri iştirak ediblər.
Görüşün əsas məqsədi tədris prosesində mövcud vəziyyətin müzakirəsi, müəllimlərin qarşılaşdığı çətinliklərin dinlənilməsi və ümumi təhsil keyfiyyətinin yüksəldilməsi istiqamətində fikir mübadiləsinin aparılması olub.
Müzakirələr zamanı dərsliklərin məzmunu, metodik vəsaitlərin tətbiqi, kurikulumun icrası və qiymətləndirmə mexanizmləri kimi mühüm məsələlərə xüsusi diqqət yetirilib. Eyni zamanda, şagirdyönümlü tədris yanaşmalarının daha effektiv tətbiqi və sinifdə öyrənmə mühitinin təkmilləşdirilməsi istiqamətində fikirlər səsləndirilib.
Müəllimlər isə gündəlik tədris prosesində rastlaşdıqları real çətinlikləri bölüşüb, dərslərin daha interaktiv və səmərəli təşkili, şagird nailiyyətlərinin artırılması, həmçinin valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi ilə bağlı konkret təkliflərini təqdim ediblər.
Tədbirdə səsləndirilən rəy və təkliflərin gələcək fəaliyyət planlarının hazırlanmasında nəzərə alınacağı vurğulanıb. Eyni zamanda müəllimlərin peşəkar inkişafının dəstəklənməsi, onların metodik bilik və bacarıqlarının artırılması istiqamətində davamlı əməkdaşlığın vacibliyi qeyd olunub.