Sabirabadda “28 May – Müstəqillik Günü” münasibətilə tədbir keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və YAP Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə Bayraq Muzeyində “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir təşkil olunub.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Sabirabad rayon təşkilatının fəalları, idarə və müəssisə rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Dövlət Himni səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının milli dövlətçilik tariximizdə mühüm yer tutduğunu vurğulayıb. O bildirib ki, cümhuriyyət qısa müddət ərzində mühüm dövlətçilik ənənələri formalaşdırıb və müasir Azərbaycan bu zəngin irsin layiqli davamçısı kimi uğurla inkişaf edir. Nadir Quliyev həmçinin, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin müstəsna rol oynadığını qeyd edib.
Daha sonra çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində gördüyü işlərdən bəhs edib. Onlar müstəqilliyin bərpasından sonra ölkədə sabitliyin təmin olunub, güclü dövlətin qurulduğunu və bu gün Azərbaycanın suverenliyi uğrunda xalqın böyük həmrəylik nümayiş etdirdiyini vurğulayıb.