Yuxuların tamamilə təsadüfi və xaotik olduğu düşüncəsi yeni elmi araşdırma ilə yenidən sual altına alınıb. Alimlər 3700-dən çox yuxu hesabatını təhlil edərək, yuxuların məzmununu formalaşdıran əsas faktorları müəyyən etməyə çalışıblar.
“Sabirabadxəbər” xəbər verir ki, araşdırmaya görə, yuxular nə yalnız təsadüfi görüntülər, nə də sadəcə gündəlik hadisələrin sadə təkrarıdır.
Əksinə, onlar insanın şəxsiyyət xüsusiyyətləri və real həyatda yaşadığı təcrübələrin birləşməsi ilə formalaşır.
İtaliyada yerləşən “Lucca İMT” Qabaqcıl Tədqiqatlar Məktəbi tərəfindən aparılan tədqiqat nəticələri “Communications Psychology” jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində 18-70 yaş arası 287 iştirakçı iki həftə ərzində yuxularını və gündəlik təcrübələrini qeydə alıb. Ümumilikdə 3700-dən çox yuxu hesabatı toplanaraq təhlil edilib.
Araşdırmada süni intellekt əsaslı Təbii Dil Emalı (NLP) texnologiyasından istifadə edilərək, iştirakçıların yuxu təsvirləri ilə gündəlik həyatları arasında əlaqələr araşdırılıb.
Nəticələr göstərib ki, yuxular insanın psixoloji vəziyyəti və idrak xüsusiyyətləri ilə sıx bağlıdır. Gün ərzində düşüncələri tez-tez dəyişən və diqqəti dağınıq olan şəxslər daha xaotik yuxular gördüklərini bildiriblər. Daha stabil düşüncə tərzinə sahib olan insanlar isə daha ardıcıl və mənalı yuxular təsvir ediblər.
Araşdırma həmçinin göstərib ki, xarici hadisələr də yuxulara təsir edir. Məsələn, COVID-19 pandemiyası dövründə yuxularda məhdudiyyət və təcrid mövzuları daha çox müşahidə olunub.
Alimlər qeyd ediblər ki, yuxular real həyatı olduğu kimi təkrarlamır, əksinə, onu dəyişdirərək yeni, bəzən sürreal ssenarilər yaradır. İş yerləri, məktəblər və xəstəxanalar kimi tanış məkanlar yuxularda fərqli kontekstlərdə ortaya çıxır.
“Yuxular sadəcə keçmiş təcrübələrin əksi deyil, kim olduğumuz və nələr yaşadığımızla formalaşan dinamik bir prosesdir”, - tədqiqatın aparıcı müəllifi Valentina Els bildirib.
Araşdırma göstərir ki, yuxular həm daxili psixoloji xüsusiyyətlər, həm də xarici mühit amillərinin təsiri ilə formalaşır. Bu isə yuxuların düşündüyümüzdən daha sistemli və strukturlaşdırılmış ola biləcəyini ortaya qoyur.
Alimlər hesab edirlər ki, süni intellekt texnologiyaları gələcəkdə yuxuların və insan şüurunun daha dərindən öyrənilməsinə imkan verə bilər.