Ağdaşda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir təşkil olunub
"Sabirabadxəbər" xəbər verir ki, Aprelin 24-də Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi və Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən “Şəhərsalma və Memarlıq İli” münasibətilə görüş keçirilib. Qarşılıqlı əməkdaşlıq çərçivəsində keçirilən görüşdə YAP Binəqədi rayon təşkilatının rəhbərliyi və partiyanın gənc üzvləri iştirak ediblər.
İştirakçılar ilk olaraq Ulu Öndər Heydər Əliyevin Ağdaş rayonunda yerləşən abidəsini ziyarət edib, abidə önünə gül dəstələr düzüb, xatirəsini ehtiramla anıblar.
Görüş Ağdaş rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirilib. Çıxış edənlər ölkənin tarixi və zəngin memarlığından, mədəni irsindən, Böyük Qayıdış çərçivəsində aparılan quruculuq işlərindən bəhs ediblər.
Həmçinin Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, onların inkişafına verdiyi dəstəkdən və bu sahədə formalaşdırdığı dövlət siyasətindən geniş söhbət açılıb.
Görüş zamanı qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, qonaqların Ağdaşda görməli məkanlara gəzintisi təşkil olunub.
Tədbirin ikinci hissəsi Mingəçevir şəhərində, Üzeyir Hacıbəyli adına 1 nömrəli Onbirillik Musiqi Məktəbində bədii proqramla davam etdirilib. Proqramdan sonra iştirakçılar Mingəçevir şəhərində yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasına səfər ediblər.