sabirabadxeber.az / Sabirabadda “Xəmsə” intellektual yarışı öncəsi komandalarla görüş keçirilib

Sabirabadda “Xəmsə” intellektual yarışı öncəsi komandalarla görüş keçirilib

"Sabirabadxəbər" bildirir ki, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı tərəfindən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə gənclər arasında təşkil olunacaq "Xəmsə" intellektual yarışı öncəsi iştirakçı komandalarla görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov Ulu Öndərin zəngin dövlətçilik irsinin və gənclər siyasətinin əhəmiyyətindən bəhs edərək, bu cür layihələrin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında və onların intellektual potensialının üzə çıxarılmasında xüsusi rol oynadığını vurğulamışlar.


Görüşün gedişatında Mil-Muğan Regional Gənclər və İdman idaərəsinin əməkdaşı Murad Həsənli iştirakçılara yarışın keçirilmə qaydaları, xalların hesablanma mexanizmi və "Xəmsə" oyununun spesifik texniki şərtləri barədə geniş məlumat vermiş, komandaları maraqlandıran suallar rəsmi qaydada cavablandırılmışdır. Bildirilmişdir ki, yarışda əsas diqqət Ümummilli Lider Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyəti ilə bağlı biliklərin yoxlanılmasına, həmçinin gənclərin ümumi dünyagörüşünün və çevik qərarvermə bacarıqlarının stimullaşdırılmasına yönələcəkdir. Sonda yarışın təşkilati məsələləri müzakirə olunmuş və iştirakçıların hazırlıq səviyyəsinin yüksəldilməsi üçün müvafiq tövsiyələr verilmişdir.

16.04.2026 » 17:21
Geri