Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Mingəçevirdə qastrol səfərində olacaq
"Sabirabadxəbər" məlumat verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən qastrol proqramı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi 28–29 mart tarixlərində Mingəçevirdə səfərdə olacaq.
Qastrol proqramı martın 28-də saat 18:00-da Mingəçevir Dövlət Dram Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının təqdimatı ilə başlayacaq. Tamaşada Xalq artistləri Azər Zeynalov (Məşədi İbad), Əkrəm Poladov (Rüstəm bəy), həmçinin Əməkdar artistlər və digər tanınmış solistlər – Cahangir Qurbanov, Tural Ağasıyev, Ələkbər Əliyev, Gülüstan Əliyeva və başqaları çıxış edəcəklər. Tamaşa teatrın simfonik orkestrinin canlı müşayiəti ilə təqdim olunacaq.
Səfər martın 29-da saat 18:00-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində teatrın solistlərinin iştirakı ilə konsert proqramı ilə davam edəcək. Konsertdə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Gülüstan Əliyeva, Tural Ağasıyev, Taleh Yahyayev, Gülzar Fərəcova, Atəş Qarayev, Səma Həmzəyeva, eləcə də Mirəli Sarızadə, Fəhmin Əhmədli və Vüqar Əliyev çıxış edəcəklər. Proqramda Azərbaycan klassik və milli musiqisinin incilərindən seçilmiş əsərlər səsləndiriləcək.
Qeyd edək ki, iki gün davam edəcək bu qastrol səfəri regionlarda klassik musiqi və səhnə sənətinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır və Mingəçevir tamaşaçılarına zəngin mədəni proqram təqdim edəcək.
Tarixlər: 28–29 mart
Saat: 18:00
Məkanlar: Mingəçevir Dövlət Dram Teatrı; Mingəçevir şəhər Heydər Əliyev Mərkəzi
N.Quliyeva