Sabirabad rayonunun Əhmədabad kəndində Novruz şənliyi keçirilib
"Sabirabadxəbər" xəbər verir ki, Sabirabad rayonunun Əhmədabad kəndində Novruz bayramı münasibətilə möhtəşəm şənlik təşkil olunub. Tədbir kənd İcra nümayəndəliyi və Qaratəpə bələdiyyəsinin təşkilatçılığı ilə baş tutub.
Şənlikdə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, idarə rəisinin müavini Telman Əzimov, Əhmədabad kənd folklor evinin rəqs qrupu, eləcə də kənd sakinləri iştirak ediblər.
Bayram tədbirində milli adət-ənənələrimizi əks etdirən müxtəlif çıxışlar nümayiş olunub, folklor kollektivinin ifaları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tonqallar alovlandırılıb, Novruzun rəmzləri olan Kosa və Keçəl səhnəcikləri təqdim edilib.
Sakinlər birlik və həmrəylik şəraitində bayram sevincini bölüşərək Novruzun gəlişini böyük coşqu ilə qeyd ediblər.
N.Səmədova