sabirabadxeber.az / Akvakultura sahəsinin inkişafı və balıqçılıq təsərrüfatlarının əhəmiyyətinə dair görüş keçirilib

Akvakultura sahəsinin inkişafı və balıqçılıq təsərrüfatlarının əhəmiyyətinə dair görüş keçirilib

"Sabirabadxəbər" məlumat verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi  yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin və Neftçala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanda akvakultura sahəsinin inkişaf perspektivləri və balıqçılıq təsərrüfatlarının əhəmiyyəti mövzusunda” maarifləndirici tədbir keçirilib. Neftçala rayonunda fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının nümayəndələrinin, fermer və sahibkarların, Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd İnzibati ərazi dairəsi üzrə nümayəndələrin, Bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə balıqçılıq təsərrüfatlarının yaradılması, su hövzələrinin seçilməsi və balıqçılıq təsərrüfatlarının təşkili, akvakultura sahəsində səmərəli idarəetmə və ekoloji yanaşmalar barədə ətraflı məlumat verilib.

Neftçala rayonu İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Burcalı Ağayev tədbiri giriş sözü ilə açaraq, mavi iqtisadiyyatın əsas prioritet istiqaməti olan davamlı balıqçılıq və akvakultura məsələləri, biomüxtəlifliyin qorunması barədə ətraflı məlumat verib, rayon üzrə ayrılmış su limitinə uyğun suyun idarə olunması barədə bir sıra məqamları diqqətə çatdırılıb.

Aqrar Xidmətlər Agentliyinin Balıq sağlamlığı və məhsuldarlığının təşkili şöbəsinin müdiri Elçin Məmmədov çıxış edərək, balıqçılıq təsərrüfatlarının yaradılması, balıqların yetişdirilməsi texnologiyaları, yemləmək və qulluq qaydaları, balıq xəstəlikləri, profilaktiki tədbirlər və təsərrüfatlarda sanitariya qaydaları barədə ətraflı məlumat verərək maarifləndirici istiqamətdə fikir mübadiləsi aparıb.

Akvakulturanın inkişafı, balıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində qeyd olunan maarifləndirici məlumatlar ətrafında yığıncaq iştirakçılarının təklif və fikirləri dinlənildi, qarşılıqlı fikir mübadiləsi formatında müzakirələr aparılıb.

N.Quliyeva

18.03.2026 » 10:41
Geri