sabirabadxeber.az / Gəncədə “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə maarifləndirmə tədbiri keçirildi

Gəncədə “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə maarifləndirmə tədbiri keçirildi

Gəncədə “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə maarifləndirmə tədbiri keçirildi.


"Sabirabadxəbər.az" xəbər verir ki, 27 fevral 2026-cı il tarixində Gəncə Gənclər Evində “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü” münasibətilə “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda geniş maarifləndirmə 

tədbiri təşkil olunub.


  Tədbir Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutub. Görüşdə Regional Gənclər və İdman İdarəsinin və Gəncə Gənclər Evinin əməkdaşları iştirak ediblər.

    Tədbirdə çıxış edən Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov Mülki Müdafiənin yaranma tarixi, məqsədi və cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, Mülki Müdafiə sistemi fövqəladə halların qarşısının alınması, əhalinin təhlükəsizliyinin təmin olunması və risklərin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

  Daha sonra Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Baş leytenantı Allahverdi Abdullayev çıxış edərək 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününün təsis olunması, beynəlxalq səviyyədə əhəmiyyəti və ölkəmizdə bu istiqamətdə görülən işlər barədə maarifləndirici məlumat təqdim edib.

Tədbirin davamında Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin kapitanı Musa Məmmədov yanğınların başvermə səbəbləri, yanğından mühafizə qaydaları, torpaq sürüşməsi və zəlzələ zamanı davranış qaydaları, təhlükəsizlik tədbirləri, ilkin tibbi yardımın göstərilməsi üsulları və digər vacib məqamlar haqqında ətraflı məlumat verib. İştirakçılara fövqəladə hallara hazırlığın vacibliyi xüsusi vurğulanıb.

   Maarifləndirmə tədbiri çərçivəsində Mülki Müdafiə Gününə həsr olunmuş videoçarx və təqdimat slaydları nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.

28.02.2026 » 14:00
Geri